SİYASƏT
Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Çinə səfər edəcəkdir
Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov və xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov yanvarın 19-da Pekinə səfər edəcəklər.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 23-dək davam edəcək səfərdən məqsəd SAM ilə Çinin nüfuzlu beyin mərkəzlərindən olan Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair memorandumun imzalanmasıdır. Səfər çərçivəsində nümayəndə heyətinin Çinin Sosial Elmlər Akademiyası yanında Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun rəhbəri, Çin Dövlət Şurasının İnkişaf Araşdırma Mərkəzi yanında Avropa-Asiya Sosial İnkişafı Araşdırma İnstitutunun rəhbəri və bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İdarəsinin rəisi, eləcə də tanınmış elm xadimləri ilə görüşlərin təşkili və nüfuzlu CCTV kanalına müsahibə nəzərdə tutulmuşdur.