İDMAN
Su polosu üzrə Azərbaycan millisi beynəlxalq turnirə qələbə ilə başlamışdır
Bakı, 8 may (AZƏRTAC). Mingəçevirdəki “Kür” İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş su polosu üzrə beynəlxalq turnir davam edir.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yarışda Azərbaycan və Belarus milli komandaları, həmçinin Gürcüstanın gənclərdən ibarət yığması və “Moskva” kollektivi iştirak edir.
Turnirin açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev bütün iştirakçılara uğurlar arzulamış, qələbəyə layiq olanların uğur qazanacağına ümid etdiyini bildirmiş və Azərbaycanın artıq dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd etmişdir.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirin başlanması münasibətilə iştirakçıları təbrik etmiş və ölkəmizin son vaxtlar bir çox beynəlxalq turnirlərə ev sahibliyi etdiyini bildirmişdir. Vurğulamışdır ki, Azərbaycan yaxın gələcəkdə Beynəlxalq Şahmat Olimpiadası və Avropa Oyunları kimi iri yarışları yüksək səviyyədə təşkil edəcəkdir.
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bananyarlı yarışın ənənəvi xarakter daşıyacağını bildirmişdir.
Turnirin ilk turunda Azərbaycan millisi Belarus yığması ilə qarşılaşmış və gərgin idman mübarizə şəraitində keçən qarşılaşmada yığmamız 18:17 (2:4, 5:5, 4:3, 7:5) hesabı ilə qələbə qazanmışdır. “Moskva” kollektivi isə Gürcüstan komandasını 17:5 hesabı ilə məğlub etmişdir.