İDMAN
Sui-qəsd təhdidi üzündən “Anji”nin ulduzuna gecə-gündüz mühafizə təyin edilmişdir
Bakı, 20 fevral (AZƏRTAC). Mahaçqalanın “Anji” komandasının və Kamerunun yığma komandasının hücumçusu Samuel Eto’O Kamerun futbol assosiasiyasının məmurlarını bacarıqsızlıqda günahlandırmış və bildirmişdir ki, onlarla bağlı rəyinə görə ondan qisas alınacağı barədə xəbərdarlıq almışdır.
“Je Wanda Magazine” jurnalı istifadəçilərinin suallarını cavablandıran S.Eto’O bildirmişdir ki, Kamerun futbol assosiasiyasının rəhbərliyi məni öldürmək istəyirdi. İndi mən mühafizə altında yaşamağa məcburam. Mühafizəçilərdən biri daim mənim evimin qapısında növbə çəkir. Bütün bunlar mənim şəxsi əhəmiyyətimin artmasına görə deyil, təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır.
S.Eto’O daha sonra demişdir ki, federasiyada kifayət qədər oğlanlar vardır ki, biz futbolçuların pulları hesabına qazanmaq istəyirlər. Təyyarənin birinci dərəcəli salonunda uçmaq, bahalı evlər, maşınlar almaq onların xoşuna gəlir. Onlar yalnız ciblərini doldurmaq haqqında fikirləşirlər. Federasiya əməkdaşlarının məqsədi bacardıqca daha çox qazanmaqdır. Vəziyyəti dəyişmək üçün şans varmı? Bacarıqsızlığını dəfələrlə sübut etmiş şəxsləri cəzalandırmaq lazımdır.
S.Eto’O və Kamerun yığma komandasının digər futbolçuları federasiyanın siyasəti, xüsusilə mükafat fondu barəsində mövqeyi ilə razılaşmadıqları üçün 2011-ci ildə Əlcəzairə qarşı oyunu boykot etmişlər.
Aksiyanın səbəbkarı kimi tanınmış S.Eto’O əvvəlcə Kamerun yığma komandasının 15 oyunundan kənarlaşdırılmışdır. Daha sonra bu cəza onun yığma komandadan səkkiz ay müddətinə uzaqlaşdırılması ilə əvəz edilmişdir. Sanksiya başa çatdıqdan sonra forvard 2012-ci ilin oktyabr ayınadək yığma komandaya qayıtmaqdan imtina etmişdir.