ELM VƏ TƏHSİL
Sumqayıt Dövlət Universitetində elmi konfrans kecirilmişdir
Sumqayıt, 28 noyabr (AZƏRTAC). Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil ocağının 50 illik yubileyi çərçivəsində II respublika elmi konfransı işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, tədbir riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyalarına həsr olunmuşdur. Konfransı SDU-nun rektoru, professor Nadir Qəhrəmanov açaraq qeyd etmişdir ki, yubiley tədbirlərinin ərəfəsində dövlətimizin başçısı İlham Əliyev universitetin əməkdaşlarının bayram sevincinə sevinc əlavə etmişdir. Belə ki, universitetin 16 əməkdaşının fəxri ad və medallara layiq görülməsi dövlətimizin başçısı tərəfindən ölkənin elm və təhsil işçilərinin, eləcə də SDU-nun əməkdaşlarının fəaliyyətinə verilən ən yüksək qiymətdir. Rektor bildirmişdir ki, cari ildə universitetdə 2 beynəlxalq, 5 respublika konfransı keçirilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkəmizdə prioritet sahələrdəndir. Müasir həyatımızı bu texnologiyalar olmadan təsəvvür etmək mümkün deyildir.
Konfransın plenar iclasında daha sonra AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyevin “İKT-yə və biliklərə əsaslanan yeni cəmiyyətin və iqtisadiyyatın formalaşması prinsipi”, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun professoru Tahir Hacıyevin “Qeyri-xətti diferensial tənliklərin həllərinin keyfiyyət xassələri haqqında”, Sumqayıt Dövlət Universitetinin professoru Fazil Ələkbərlinin “Obyektin keçid xarakteristikasına görə ötürmə funksiyasının avtomatik identifikasiyası” mövzusunda çıxışları dinlənilmişdir.
Ümumiyyətlə, konfrans çərçivəsində 150-dək məruzə dinləniləçəkdir. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Sumqayıt Dövlət Universiteti ilə yanaşı, Azərbaycan Müəllimlər İnstitutunun bir sıra bölgələrdəki filiallarının əməkdaşlarının da konfransda çıxışları qözlənilir.
Növbəti günlərdə konfrans işini bölmə iclaslarında davam etdirəcək, mövzunun ayrı-ayrı istiqamətləri ilə əlaqədar məruzələr dinləniləcəkdir.