İQTİSADİYYAT
“Sumqayıt Kimya Sənaye Parkı”nın tikinti işləri qrafik üzrə gedir
Sumqayıt, 8 dekabr, AZƏRTAC
2015-ci ilin sonuna kimi İqtisadiyyat və Sənaye Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin infrastrukturlarının tikintisinin birinci fazasının tamamlanması planlaşdırılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənaye parkının tikinti işləri qrafik üzrə gedir. Sənaye Parkının 1-ci fazasının infrastrukturunun tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. “Sumqayıt Kimya Sənaye Parkı”nın rezidenti “Azertexnolayn” MMC-nin Polad boru zavodu fəaliyyət göstərir. Eyni zamanda daha iki zavodun inşasına başlanılıb.
Bundan başqa, “SOCAR Polymer” MMC-də istehsal prosesinə 2016-cı ildə başlanması planlaşdırılır. Artıq Kanada, Almaniya, Yunanıstan, Fransa, İtaliya və Türkiyədən olan potensial şirkətlər tərəfindən 20-dən artıq investisiya təklifi daxil olub və onlar “Sumqayıt Kimya Sənaye Parkı”nın rezidenti olmaq niyyətini bildiriblər.
Layihələr əsasən qablaşdırma, tikinti, tibb və digər sahələrdə kimya məhsullarının, o cümlədən polimerlərin istehsalını nəzərdə tutur.