ELM VƏ TƏHSİL
Sumqayıt şəhərindəki təbiət elmləri təmayüllü gimnaziyanın 67-ci buraxılışı olmuşdur
Sumqayıt, 31 may (AZƏRTAC, Ətrabə Rzayeva). Başa çatmaqda olan tədris ilində Sumqayıt şəhərindəki 50 orta ümumtəhsil məktəbini 2952 nəfər bitirir.
Mayın 31-də şəhərin təhsil ocaqlarında ənənəvi son zəng mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, həmin gün şəhərdəki təbiət elmləri təmayüllü gimnaziyada 67-ci dəfə son zəng səslənmişdir.
Bu münasibətlə keçirilən mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Məzunları təbrik edən məktəbin direktoru Nizami Əhmədov bildirmişdir ki, 1990-cı ildən tam orta məktəb bazasında gimnaziya kimi fəaliyyət göstərən təhsil ocağında 730 şagirdin təlim-tərbiyəsi ilə 61 müəllim məşğul olur. Gimnaziyada innovativ təlim texnologiyalarının tətbiqi, qabaqcıl iş təcrübəsinin öyrənilməsi, audiovizual dərsliklərdən istifadə artıq günün tələbinə çevrilmişdir.
Nailiyyətlərdən danışan direktor xüsusi vurğulamışdır ki, təhsildə demokratiya əsasən müəllim-şagird, müəllim-valideyn, müəllim kollektivi-rəhbərlik münasibətlərində və müəllimlərin pedaqoji əməkdaşlığında büruzə verir. Bu münasibətlərin səmərəliliyi gimnaziyada sağlam işgüzar mühitin yaranmasının əsas səbəbidir. O qeyd etmişdir ki, keçən tədris ilində gimnaziyanı bitirən 42 məzunun hamısı ali məktəbə qəbul olunmuşdur. Üç nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.
Gimnaziyanın 2008-ci ildə bitirmiş, 700 balla ali məktəbə daxil olmuş, Prezident təqaüdçüsü Elvin Dadaşova göstərdiyi yüksək nəticəyə görə dövlətimizin başçısının tapşırığı ilə doğma şəhərində ikiotaqlı mənzil verilmişdir.
Mərasimdə Elvin Dadaşovun müəllimlərə və şagirdlərə xitabən söylədiyi fikirlər maraqla qarşılanmışdır.
Sonra gimnaziyanın 1-ci sinif şagirdləri onbirinciləri təbrik etmişlər.
Məzunlar da öz növbələrində bilik rəmzi sayılan açarı birincilərə təqdim etməklə estafeti onlara vermişlər.
Tədbirdə, həmçinin respublika fənn olimpiadasının qalibi olmuş iki məzuna diplom təqdim edilmişdir.
Gimnaziyanın şagird və müəllim kollektivini məzun günü münasibətilə təbrik edən təhsil naziri Mikayıl Cabbarov müstəqil həyatın astanasında dayanan məzunlara uğurlar diləyərək, onlara ölkəmiz və xalqımız üçün layiqli övladlar olmağı arzulamışdır. Nazir Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına, eyni zamanda, gənclərə diqqət və qayğısından danışmışdır.
Mikayıl Cabbarov vurğulamışdır ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Nazir bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra gimnaziyanın əldə etdiyi nailiyyətlərdən, qazandığı uğurlardan danışan nazir elə bu amillərin də onun bu tədbirdə iştirakının əsasını təşkil etdiyini vurğulamışdır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Bildirilmişdir ki, bu gün ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqətin məntiqi nəticəsidir. O, gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə etmişdir.
Nəhayət, məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri an gəlib çatmış və 11 illik məktəb həyatının sonuncu zəngi çalınmışdır.
Nazir Mikayıl Cabbarov hər bir məzunla və onların müəllimləri ilə səmimiyyətlə görüşmüş və xatirə şəkli çəkdirmişdir.
Tədbir gimnaziyanın şagirdlərinin ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.