İQTİSADİYYAT
Sumqayıt YEŞ Müəssisəsində yenidənqurma və təmir-bərpa işləri aparılmışdır
Bakı, 20 aprel (AZƏRTAC). Yanvar-mart aylarında Sumqayıt Yüksəkgərginlikli Elektrik Şəbəkəsi Müəssisəsində (YEŞ) yenidənqurma və təmir-bərpa işləri aparılmışdır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, 500 kilovoltluq (kV) II “Abşeron” və 330 kV-lik I “Abşeron” hava elektrik verilişi xətlərinin çoxsaylı dayaqlarında sınıq izolyatorlar yeniləri ilə əvəz edilmiş, zədəli ildırımötürücü troslar bərpa edilmişdir. YEŞ-in balansına daxil olan digər 330 kV-lik “Xaçmaz” hava elektrik verilişi xəttinin bir neçə dayağında zədəli naqillər də təmir edilmişdir.
Qeyd edək ki, 110 kV-lik IX “Sumqayıt” hava xəttində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, 4 dayaq yeni dəmir-beton dayaqlarla əvəz olunmuşdur.
Müvafiq tədbirlər 330 kV-lik VIII “Abşeron”, 220 kV-lik “Yaşma” və VII “Abşeron” və digər hava elektrik verilişi xətlərində də yerinə yetirilmişdir.