İQTİSADİYYAT
Sumqayıtda “Azərsu” abonentlərinin 67 faizindən çoxu su sayğacları ilə təmin olunmuşdur
Sumqayıt, 12 yanvar (AZƏRTAC). Sumqayıtda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) abonentləri olan əhalinin güzəştsiz kateqoriyalı 68 min 600 sakini qeydiyyata alınmışdır. Su sayğaclarının quraşdırılması kampaniyası davam edir. Şəhər sakinlərinin 67 faizi su sayğaclarının göstəriciləri ilə “Azərsu” ASC-yə xidmət ödənişi edir.
Cəmiyyətin Sumqayıt strukturundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2010-cu ilin dekabr ayında şəhər əhalisi içməli su sərfinə görə 414,4 min manat ödəmiş, 435 min 62 abonent borcu vaxtında ödəyərək ASC-nin hesabına 273,5 min manat köçürmüşdür. Beləliklə, ötən ilin dekabr ayında sərf olunmuş içməli suya görə toplanmış vəsait 66 faiz təşkil etmişdir.
Son illər Sumqayıtın və şəhərə yaxın qəsəbələrin su təchizatı hiss olunacaq dərəcədə yaxşılaşmışdır. Yeni su kəməri və xətlər çəkilmiş, köhnə kəmərlər əsaslı təmir olunmuşdur. Şəhərin bütün yaşayış sahələri praktiki olaraq fasiləsiz içməli su ilə təmin edilmişdir. Bu da abonent ödənişinin toplanmasına müsbət təsir göstərmişdir.