İDMAN
Sumqayıtda ənənəvi həvəskar velosiped yarışı olmuşdur
Sumqayıt, 25 iyun (AZƏRTAC). Bu gün Sumqayıtda ümummilli lider Heydər Əliyevin abidəsi önündəki meydanda velosiped idmanı üzrə üçüncü şəhər yarışının açılışı olmuşdur. Ənənə üzrə yarışlar Sumqayıt İcra Hakimiyyətinin təşəbbüsü və şəhərin Baş Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilir. Yarışda şəhərin ayrı-ayrı yaşayış massivlərini təmsil edən və yaşı 14-dən yuxarı olan 200 nəfərdən çox həvəskar velosipedçi iştirak etmişdir.
Azərbaycanın Dövlət himni səslənmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, idarələrin və təşkilatların rəhbərləri, habelə şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Yarışın açılışı mərasimində qeyd edilmişdir ki, ölkədə idmanın inkişafına çox böyük diqqət yetirilir. İdman təkcə atletlərin nailiyyətləri deyil, həm də xalqın sağlamlığıdır. Azərbaycan idmanının inkişafının və tərəqqisinin möhkəm təməlini qoymuş ulu öndər Heydər Əliyevin rolu xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, respublikanın regionlarında 35 müasir olimpiya idman kompleksinin istifadəyə verilməsi, belə komplekslərin tikintisinin müvəffəqiyyətlə davam etdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində bu məsələnin prioritet mövqe tutduğunu təsdiq edir.
Şəhərin idman məktəbləri yetirmələrinin və gənc müğənnilərin çıxışlarından sonra yarışlara start verilmişdir.
Şəhərin minlərlə sakini marşrutu Sumqayıtın başlıca küçələrindən keçən velosiped yarışını izləmişdir. Məsafənin son metrləri həvəskar idmançılar üçün çox böyük sınaq, tamaşaçılar və azarkeşlər üçün isə yarışların ən maraqlı məqamları olmuşdur.
Velosiped yarışının qəhrəmanlarını mükafatlar gözləyirdi. Şövqlü musiqi sədaları altında Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev ilk üç yeri tutmuş velosipedçilər Fikrət Məmmədov, Emil Rüstəmov və Stas Belova pul mükafatları təqdim etmişdir. Turnirin ilk onluğuna daxil olmuş velosipedçilər xatirə hədiyyələri qazanmışlar.
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev AZƏRTAC-ın müxbirinə demişdir: “Hazırda velosiped idmanı getdikcə daha populyar idman növünə çevrilir. Ölkədə velosiped idmanını populyarlaşdıracaq daha bir həvəskar turniri başa çatmışdır. Əlamətdar haldır ki, Sumqayıtda şəhərin məhəllə və mikrorayonlarında kütləvi idmanın inkişafına ciddi diqqət yetirilir. Şəhərin yaşayış massivlərində - nümunəvi həyətlərdə yaradılmış maddi-texniki idman bazası bu məqsədə xidmət edir.
Fərhad Əliyev dediklərinə bunu da əlavə etmişdir: “Şübhəsiz, Sumqayıtda keçirilmiş ənənəvi həvəskar velosiped yarışması respublikada velosiped idmanının populyarlaşmasına və bu idman növünün kütləviliyinin təmin olunmasına təkan verəcəkdir”.