REGİONLAR
Sumqayıtda “Xəmsə” Milli İntellektual Oyununun şəhər seçim turunun qalibləri müəyyənləşib
Sumqayıt, 6 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının şəhər seçim turu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatda 10 komanda iştirak edib.
Bilik yarışından öncə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov intellektual oyunun “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərini icra etmək, gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini qeyd edib. Bildirilib ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Baş İdarə tərəfindən hazırlanan tədbirlər planına əsasən gənclərin intellektual və yaradıcılıq fəaliyyətinə həvəsləndirilməsi, istedadlı, yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi istiqamətində tədbirlər üstünlük təşkil edir.
“Xəmsə” Milli İntellektual Oyununun şəhər mərhələsində I yerə “Paloma”, II yerə “B - 612”, III yerə “Mübariz” (Sumqayıt “ASAN xidmət” mərkəzi) komandaları layiq görülüb. Qaliblərə Baş İdarənin kubok, medal və fəxri fərmanları təqdim olunub.