SUMQAYITIN MƏNZİL FONDU GENİŞLƏNİR
Şəhərdə çoxmərtəbəli binalardan birinin təntənəli təməlqoyma mərasimi olmuşdur. Bu, özəl firmaların əhali üçün inşa etdiyi üçüncü binadır. Səkkiz aydan sonra Sumqayıtın mərkəzində, 30-cu məhəllədə onmərtəbəli, ikibloklu bina ucaldılacaqdır. Layihə “S ənd C” firması tərəfindən gerçəkləşdirilir.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev mərasimdə çıxış edərək bildirmişdir ki, əhalinin mənzillə təmin olunması şəhərin ən başlıca və mürəkkəb problemidir. Son iyirmi il ərzində burada bir kvadratmetr də olsun mənzil tikilməmişdir. Məcburi köçkünlər nəzərə alınmaqla isə, şəhərdə əhalinin sayı iki dəfə artmışdır. O vurğulamışdır ki, şəhər rəhbərliyi vəziyyətdən çıxış yolunu özəl firmaların bu sahəyə cəlb olunmasında və sahibkarlıq üçün onlara əlverişli şərait yaradılmasında görür.
Qısa müddət ərzində bir çox tikinti firmaları Sumqayıtda biznes fəaliyyəti ilə məşğul olmaq istədiklərini bildirmişlər. V.Əliyevin sözlərinə görə, bu, mənzil fondunu genişləndirməklə bərabər, şəhər sakinlərinin bir çoxunu işlə təmin etməyə də imkan verir.
Özəl binalardakı mənzillərin dəyəri orta bazar qiymətlərinə uyğun olacaqdır. Burada müvafiq istilik-enerji-qaz təchizatı sistemləri və lift quraşdırılacaqdır.
Təntənəli şəraitdə binanın təməlinə kapsul qoyulmuşdur.