DÜNYA
Suriya paytaxtında bir gündə 3 partlayış baş vermişdir
Bakı, 23 fevral (AZƏRTAC). Suriya yerli koordinasiya komitələrinin yaydığı məlumata görə, son bir gün ərzində gedən döyüşlərdə ölənlərin sayı 200-ə çatmışdır.
“Əl-Cəzirə” kanalının məlumatına görə paytaxt Dəməşqdə hakim BƏƏS partiyasının qərargahı qarşısında avtomobil partladılmışdır. Bundan sonra şəhərin müxtəlif yerlərində təhlükəsizlik idarəsi, nəzarət məntəqəsi və narkotiklərlə mübarizə idarəsi qarşısında 3 partlayış baş vermişdir. Nəticədə 53 nəfər ölmüş, 235 nəfər yaralanmışdır. Suriya Milli Koalisiyası rəhbərinin müavini Corc Sabra partlayışa görə hakimiyyəti günahlandırmışdır. Ölkənin Xarici İşlər Nazirliyi isə partlayışa görə məsuliyyəti “Əl-Qaida”nın üzərinə atmışdır.
Partlayışlardan bir qədər sonra prezident sarayına bir neçə raket atılmışdır. Hökumətə məxsus hərbi təyyarələr isə Daraa şəhərində səyyar xəstəxanalara raket zərbələri endirmişdir. Digər tərəfdən son 1 sutka ərzində 4 min 300 suriyalı ölkəsini tərk edərək İordaniyaya qaçmışdır.