REGİONLAR
Sürücü-mexanizator Zəri Qurbanova: Əmək xoşbəxtliyin açarıdır VİDEO
Biləsuvar, 9 mart, İsmayıl Cəfərli, AZƏRTAC
Tarixən aqrar diyar kimi tanınan Muğan torpağı şəninə şeirlər yazılan, mahnılar bəslənən neçə-neçə əmək qəhrəmanı yetişdirib. Halal zəhməti ilə pambıq tarlalarında, taxıl zəmilərində adı dillər əzbəri olan bu qəhrəmanların sıralarında kişilərlə yanaşı, Qızqayıt Həsənova, Sifayi Musayeva, Nəzakət Nəzərli, Tərlan Musayeva kimi qadınlarımız da hünər göstərib, şan-şöhrət sahibi olub. Belə əmək qəhrəmanlarımızdan biri də gənc yaşlarından kolxozda sürücü-mexanizator işləmiş Biləsuvar rayon sakini Zəri Qurbanovadır.
AZƏRTAC-ın əməkdaşı onunla görüşüb, həmsöhbət olub. Zəri Qurbanova düz əlli il öncə təsərrüfat sahəsinə necə gəldiyindən danışır. Sadə, zəhmətkeş ailədə anadan olub. Orta məktəbi bitirdikdən sonra həmin dövrlərdə Ulu Öndər Heydər Əliyevin xanımların aqrar sahədə aktiv olması ilə bağlı çağırışına böyük həvəslə qoşulub: “1970-ci ildə Saatlı rayonunda 9 nömrəli peşə məktəbini bitirdim. Gəldim aqrar sektora, gələn kimi də maşın verdilər mənə. Ondan sonra kolxoz sədri yer ayırdı, briqadirlərə tapşırdı məni, mən də başladım pambıq yığmağa. Həmin il 65 ton pambıq yığdım”.
Bu nəticə ilə barışmayan gənc mexanizatorun, növbəti illərdə təcrübəsi artdıqca müvəffəqiyyəti də çoxalır. 1972-ci ildə maşınla “ağ qızıl” toplanışında fərqləndiyinə görə yüksək mükafatla – “Qırmızı Əmək bayrağı” ordeni ilə təltif olunur. Kənd əməkçiləri onu Aşağı Cürəli kənd sovetinə deputat seçirlər. 1976-cı il mövsümündə isə Zəri Qurbanova idarə etdiyi “mavi gəmi”sinin bunkerindən 255 ton pambıq boşalda bilmişdi. Bu qələbədən sonra “Oktyabr inqilabı” ordeni ilə təltif olunan Zəri xanıma “VAZ 2106” markalı avtomobilin açarı da təqdim edilir. “Ulu Öndər həmişə qadınların zəhmətini yüksək qiymətləndirib. Bu orden və medalların hamısını onun dövründə almışam”, - deyir kənd zəhmətkeşi.
Sinəsi orden, medal və nişanlarla dolu olan qabaqcıl mexanizator gəncliyində olduğu kimi, indi də əmək cəbhəsində hünər göstərmək həvəsindədir. “Əmək xoşbəxtliyin açarıdır” – deyir və indiki gənclərə məsləhət verir: “Mənim tövsiyəm odur ki, çalışsınlar zəhmətə qatlaşsınlar, zəhmətkeş olmaq şərəfdir. Yaşım 70-i keçib, amma yenə də işləmək istəyirəm”.
Zəri Qurbanovanın çəkdiyi əmək heç zaman boşa getməyib. Bu gün də ahıl yaşında dövlətin ona göstərdiyi diqqət və qayğıdan razıdır.