İQTİSADİYYAT
“SW Holding-Azərbaycan” şirkətinin prezidenti: Sərgi bizə etibarlı tərəfdaş və güclü rəqib olduğumuzu əyani şəkildə göstərmək üçün ən yaxşı üsuldur
Bakı, 13 iyun (AZƏRTAC). Dünyanın hansı guşəsində öz biznesini qurmağınızdan asılı olmayaraq, inkişafın ən səmərəli üsulu sərgidə keçirilən şəxsi görüşlərdir. “Xəzər neft-qaz 2011” sərgisi bu baxımdan məhsulların nümayişi üçün nadir imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası sərgisində iştirak edən “SW Holding- Azərbaycan” şirkətinin prezidenti Zaur Axundov demişdir.
“Bu sərgi bizə etibarlı tərəfdaş və güclü rəqib olduğumuzu əyani şəkildə göstərmək üçün ən yaxşı üsuldur, - deyən Z.Axundov bildirmişdir ki, bu gün holdinqin tərkibinə əsas etibarilə aviasiya sahəsində fəaliyyət göstərən 23 müəssisə daxildir. Bu təşkilatlar bir çox beynəlxalq tədbirlərdə iştirak edir və dünya səviyyəsində tanınmış digər şirkətlərlə sıx əlaqələr qururlar.
Əminəm ki, bu sərgi neft-qaz sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaq və eyni zamanda, XXI əsrdə Azərbaycanın dünyaya və beynəlxalq əməkdaşlığa xidmət edən resurs və sənayesinin qlobal əhəmiyyətini bir daha əyani şəkildə nümayiş etdirəcəkdir.