İDMAN
Taekvondo üzrə respublika çempionatına yekun vurulmuşdur
Bakı, 24 dekabr (AZƏRTAC). “ABU Arena” İdman Kompleksində keçirilən gənclər və böyüklər arasında taekvondo üzrə respublika çempionatına yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu günündə böyüklər arasında Ramik Nəzərov (63 kq), Fərhad Faruqi (68 kq), Ramin Əzizov (80 kq), Patimat Abakarova (53 kq) və Svetlana Talkunova (73 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Gənclərin mübarizəsində isə Əli Axundov (59 kq), Səid Quliyev (73 kq), Elnur Məhərrəmov (78 kq-dan yuxarı) və Yeganə Aslanlı (55 kq) qızıl medal qazanmışlar.
Qeyd edək ki, yarış DAEDO beynəlxalq taekvondo elektron sistemi ilə keçirilmişdir. Çempionatda respublikanın 70-dən artıq rayon və şəhərindən 600-dək idmançı birincilik uğrunda mübarizə aparmışdır.