İQTİSADİYYAT
Tağıyev qəsəbəsi - Sumqayıt avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 30 noyabr, AZƏRTAC
Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev qəsəbəsi - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində aparılan tikinti işləri artıq yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 kilometr təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 metrdən 23-26 metrə, hərəkət hissəsinin eni isə 7-10 metrdən 15 metrə qədər genişləndirilib.
Sözügedən işlər çərçivəsində yeni torpaq yatağının və yol əsasının inşası, yolboyu asfalt-beton örtüyün döşənməsi işləri icra olunub, yolayrıcı betonlar düzülüb. Bundan başqa, marşrutboyu geridönmə hissələrinin, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması işləri də aparılıb. Layihə üzrə yolun 8-ci kilometrində bir aşırımlı körpünün tikintisi yekunlaşıb, həmçinin yolun 3,8-ci kilometrində yerüstü piyada keçidi inşa edilib. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb.
Layihə üzrə nəzərdə tutulan işlər yekunlaşdırılaraq yol müasir görkəmdə istifadəyə verilib.