ELM VƏ TƏHSİL
Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3643 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1424 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Onların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış olmaq mümkündür. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə (http://eservices.dim.gov.az/ejurnal/) ödəniş əsasında əldə etmək olar.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 6‑dan 11‑dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtinası kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.