MƏDƏNİYYƏT
Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı Təbrizdə nəşr olunub
Bakı, 13 oktyabr (AZƏRTAC). İran İslam Respublikasının Təbriz şəhərində yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Metro vadisi” kitabı nəşr edilib.
AYB-in mətbuat xidmətində AZƏRTAC-a bildirilib ki, “Ərk” nəşriyyatında çap olunmuş 240 səhifəlik kitabı farscaya Marağalı Rza Vahidi tərcümə edib. “Metro vadisi”nin tərtibatçısı Əhəd Fərəhməndidir.
Kitaba “Metro vadisi” romanından başqa müəllifin “Məzar gəlini”, “O gözəllər ki vardı”, “Yekəpər”, “Günahın gül üzü”, “Sular günəşə nəğmə oxuyanda”, “Qara çadralı qadın”, “Pəncərədən baxan ayın şəkli” və bir sıra başqa hekayələri daxildir.
Əhəd Fərəhməndinin kitaba yazdığı “Ön söz”də müəllif haqqında geniş məlumat verilib.
Təbrizdə keçirilən kitab sərgisində nümayiş olunan “Metro vadisi” satış şəbəkələrində yayımlanmaqdadır.