ELM VƏ TƏHSİL
Tarix Muzeyində şəhid Yasən Əhmədova məxsus materiallar qorunur
Bakı, 16 sentyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid Yasən Əhmədova məxsus hərbi zirehli gödəkcə və 9 ədəd fotoşəkli (şəhid polkovnik-leytenant Raquf Orucovla və hərbçi yoldaşları ilə çəkilmiş fotoları) qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Yasən Əhmədov 1974-cü il sentyabrın 16-da Ağdam rayonunda anadan olub. 1981-1991-ci illərdə Ağdam rayonu Eyvazxanlı kənd tam orta məktəbində təhsil alıb. O, 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı atası Yelmar Əhmədovun xidmətdə olduğu Ağdam rayonunun “N” saylı hərbi hissəsinin özünümüdafiə batalyonunda xidmətə başlayıb. 1993-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1994-cü ildə Motoatıcı bölüyün komandiri vəzifəsinə təyin olunub. 1993-2002-ci illərdə “N” saylı hərbi hissədə müxtəlif vəzifələrdə xidmət edən Y.Əhmədov 2002-ci ildə ehtiyata buraxılıb. 2004-2006-cı illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı CM-də təsərrüfat işləri üzrə rəis müavini vəzifəsində çalışan Yasən Əhmədov 2006-cı ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb və təyinata əsasən Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam edib. 2017-ci ildən Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edib.
Baş gizir Y.Əhmədov Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda düşmənə qarşı gedən döyüşlərdə igidlik nümunəsi göstərib və şəhidlik zirvəsinə ucalıb.