MƏDƏNİYYƏT
Tarix və mədəniyyət abidələrinin mühafizəsinə və təbliğinə həsr olunmuş layihənin yekunları müzakirə edilmişdir
Bakı, 30 iyul (AZƏRTAC). İyulun 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) reallaşdırdığı “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin eksperti, professor Qafar Cəbiyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, layihənin məqsədi Azərbaycanın Şirvan və Gəncə-Qazax bölgələrində mədəni irsə ictimai münasibəti araşdırmaq, yerli əhalini maarifləndirməyə xidmət edəcək müzakirələr keçirməkdir.
Cari ilin may-iyul aylarını əhatə edən layihə çərçivəsində araşdırmalar mütəxəssislərin seçimi əsasında hər bölgənin üç mədəni irs abidəsində aparılmış, tarix və mədəniyyət abidələrinin mühafizəsi, təbliği ilə bağlı mövcud vəziyyətin monitorinqi keçirilmişdir. Bundan əlavə, Şamaxı və Gəncədə yerli əhalinin maarifləndirilməsi məqsədi ilə seminarlar təşkil olunmuşdur.
Layihə çərçivəsində keçirilən sorğular əsasında ekspertlərin iştirakı ilə abidələrin bərpası, onların qorunması və təbliği ilə bağlı memarlıq, hüquqi və maarifləndirici aspektləri özündə əks etdirən tövsiyələr hazırlanmış və “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: araşdırma, təklif və tövsiyələr” kitabçası nəşr etdirilmişdir. Bununla yanaşı, layihənin yekunu kimi “Mədəni irsimizə ictimai münasibət” adlı ictimai xarakterli videoçarx hazırlanmışdır.
“Miras” İctimai Birliyinin sədri, layihənin eksperti Fariz Xəlillinin “Mədəni irsin mühafizəsində “Miras” İB-nin rolu”, layihənin əlaqələndiricisi Arzu Soltanın “Mədəni irsə ictimai münasibət: monitorinqin nəticələri” mövzularında çıxışları dinlənilmişdir.
Qeyd olunmuşdur ki, 2010-cu ildən fəaliyyət göstərən “Miras” İB mədəni irsimizin öyrənilməsi, təbliği sahəsində ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif layihələr həyata keçirir. İB maarifləndirici və təbliğat xarakterli layihələrin bundan sonra da davam etdirilməsini, onların coğrafiyasını genişləndirməyi nəzərdə tutur.
Digər çıxış edənlər də layihə çərçivəsində görülmüş işləri yüksək qiymətləndirmiş, bu cür layihələrin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd etmişlər.
Tədbirdə ictimai birliyin nəşr etdirdiyi “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: araşdırma, təklif və tövsiyələr” kitabçası təqdim edilmiş, “Mədəni irsimizə ictimai münasibət” adlı videoçarx nümayiş olunmuşdur.
Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.