REGİONLAR
Tariximizə imzasını Zəfərlə yazan Lider
Astara, 24 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 24-də Astara Rayon Heydər Əliyev Mərkəzində “Tariximizə imzasını Zəfərlə yazan Lider” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə “Sən özün memar oldun” adlı sənədli film nümayiş olunub.
Mərkəzin direktoru Kübra Səmədova çıxışında qeyd edib ki, hər bir xalqın böyüklüyü dünyaya bəxş etdiyi güclü şəxsiyyətlərlə, millətini önə çıxara bilən ziyalılarla, adını tarixə yazan liderlərlə ölçülür. Azərbaycanın tarixində belə böyük şəxsiyyətlərdən biri bu gün 60 yaşı tamam olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Prezident İlham Əliyev Azərbaycan tarixinə imzasını Zəfərlə yazdı. Ulu öndər Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı olan İlham Əliyevin 60 illik yubileyini qalib ölkənin qalib Lideri kimi qeyd etməsi bütün xalqımıza qürur hissi yaşadır.
Tədbirdə Mərkəzin fondunun baş mühafizi Elza Kazımovanın məruzəsi dinlənilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı son illər həm siyasi, həm sosial-iqtisadi-mədəni sahələrdə çox böyük uğurlara imza atıb, regionun ən güclü dövlətinə çevrilib. Azərbaycanın mövqeyi həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmlənib. Əhalinin yaşayış səviyyəsi də yüksəlməkdə davam edir. Son günlər ölkə başçımızın xalqın maddi təminatını yaxşılaşdırmaq məqsədilə imzaladığı sərəncamlar əhali tərəfindən böyük razılıqla qarşılanır.
Tədbirdə Astara şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Şəhla Salmanova, Rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, Rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi Şahin Əliyev, Vətən müharibəsinin şəhidi, polkovnik-leytenant Nail Orucovun qardaşı qızı Zəhra Oruczadə çıxış ediblər.
Vətən müharibəsi şəhidi, polkovnik leytenant Nail Orucovun oğlu İbrahim Oruczadə, şəhid Əli Feyziyevin oğlu Ayxan Feyziyev dövlətimizin başçısına həsr olunmuş şerlər söyləyiblər.
Sonda tədbir iştirakçıları Astara Rayon Heydər Əliyev Mərkəzinin və Rayon Dövlət Rəsm Qalereyasının təşkil etdiyi sərgi ilə tanış olublar.