İQTİSADİYYAT
TARSİM təşkilatının nümayəndə heyəti sığorta şirkətləri ilə görüşüb
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 15-də Aqrar Sığorta Fondunda (ASF) Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı sığortaları sistemi – TARSİM-in nümayəndə heyəti ilə aqrar sığorta sisteminin üzvü olan sığorta şirkətlərinin təmsilçilərinin görüşü keçirilib.
Görüşdə “Paşa Sığorta”, “Meqa Sığorta”, “Azsığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Qala Sığorta” və “Bakı Sığorta” şirkətlərinin nümayəndələri iştirak ediblər.
ASF-dən AZƏRTAC-a bildiriblər ki, sığorta şirkətlərinin təmsilçiləri ilə görüşdə aqrar sığorta mexanizmində vasitəçi şirkətlərinin rolu, bununla bağlı Türkiyə təcrübəsi, vasitəçi şirkətlər tərəfindən satışların idarə olunması və digər məsələlər müzakirə edilib. Toplantıda vasitəçi şirkətlərlə bağlı təkliflər səsləndirilib, dünya təcrübəsi barədə məlumat verilib, eləcə də sığorta sektoru nümayəndələrinin təklifləri dinlənilib.