REGİONLAR
Tarzan Nəzirov: “ABAD”ın dəstəyi ilə satışa çıxarılan “Şanlı” balının bazarda öz layiqli yerini tutacağına əminəm
Bakı, 25 sentyabr, AZƏRTAC
“ABAD” ailəsinin gənc və zəhmətkeş üzvlərindən biri - Tarzan Nəzirov Astaranın Miki kəndinin sakinidir. Nəzirovlar ailəsi artıq 20 ildir arıçılıqla məşğuldur.
AZƏRTAC xəbər verir ki, hazırda Tarzanın “cənub növü” adı ilə tanınan 32 arı ailəsi var. O, arı ailələrini əsasən öz kəndində, həyətyanı sahəsində saxlayır. Lakin tədarük etdiyi bal çeşidlərinin sayını artırmaq üçün mövsüm ərzində arı ailələrini Hirkan qoruğu, Biləsuvar və Masallı rayonlarının ərazisində də yerləşdirir.
Onun tədarük etdiyi balın böyük hissəsi özünəməxsus tamı və ətri ilə seçilən sitrus balıdır.
İl ərzində 500 kiloqramdan çox yüksək keyfiyyətli bal əldə edən Tarzanın ən böyük çətinliyi bu məhsulun satışını təmin etməkdir. “Bir çox hallarda alıcılarda balın keyfiyyəti ilə bağlı şübhələr olurdu. Bu isə satışların həyata keçirilməsində müəyyən çətinliklər yaradırdı. Lakin indi “ABAD”ın dəstəyi sayəsində “Şanlı” adı altında satışa çıxarılan balımızın bazarda öz layiqli yerini tutacağına əminik. Bizim məhsullarımız yüksək keyfiyyəti ilə fərqlənir və 100 faiz təbii baldır”, - deyə o bildirib.
Tarzan Nəzirovun digər çətinliklərindən biri də məhsullarının qablaşdırılması ilə bağlı olub. Ailə məhsulu bazara çıxarmaq üçün ən çox tələbatın olduğu qab formaları, çəkiləri ilə əlaqədar dəstəyə ehtiyac duyub. Bu sahədə də “ABAD” Nəzirovlar ailəsinə öz köməyini əsirgəməyib. Belə ki, ailə təsərrüfatının “Şanlı” balının satışı məhz “ABAD” tərəfindən təşkil edilib.
Artıq Nəzirovlar ailəsinin tədarük etdiyi “Şanlı bal” tam təbii şəkildə qablaşdırılaraq “ABAD” sənətkarlıq mərkəzində alıcılara təqdim olunur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində “ABAD” publik hüquqi şəxs yaradılıb. Fərmana əsasən yaradılan “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir.
“ABAD” mərkəzləri, həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətləri göstərir. İstehsal olunmuş məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılması, logistika işinin və satışların təşkili “ABAD” tərəfindən həyata keçirilir.