İQTİSADİYYAT
Taxtakörpü su anbarı və Şəmkirçay su anbarı layihələrinin icrası nəticəsində 10 minlərlə hektar yeni torpaq sahələri dövriyyəyə buraxılacaqdır
Bakı, 13 fevral (AZƏRTAC). İnvestisiya Proqramında böyük yer tutan layihələrdən biri də meliorasiya layihələridir. Bu layihələr bilavasitə kənd təsərrüfatının inkişafı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində demişdir.
Azərbaycanda qeyri-neft sektoru sahəsi üzrə iki nəhəng, ən böyük investisiya tutumlu layihənin - Taxtakörpü və Şəmkirçay su anbarları layihələrinin icra edildiyini xatırladan dövlətimizin başçısı qeyd etmişdir ki, Taxtakörpü su anbarı bu il, Şəmkirçay su anbarı isə yəqin ki, iki ildən sonra istifadəyə verilməlidir. Bu iki əvəzolunmaz layihənin icrası nəticəsində 10 minlərlə hektar yeni torpaq sahələri dövriyyəyə buraxılacaqdır. Giriş sözümdə dediyim kimi, bu, həm ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün çox vacibdir, eyni zamanda, əlavə ixrac potensialı da yaradacaqdır. Bu layihələrin icrası nəticəsində dövriyyəyə buraxılacaq on minlərlə hektar torpaq sahələrində aqrotexniki tədbirlərin görülməsi üçün biz indidən öz planlarımızı tutmalıyıq. Əlavə texnika alınmalıdır. Biz bir neçə ildir ki, “Aqrolizinq” xətti ilə dövlət büdcəsindən ayrılan vəsaitlə texnikanın alınması ilə məşğuluq və texnika əhaliyə, fermerlərə icarə şərtləri ilə verilir. Yəqin ki, əlavə texnika, gübrələr alınmalı və digər tədbirlər görülməlidir ki, fermerlər dövriyyəyə buraxılacaq bu yeni torpaqlardan səmərəli şəkildə istifadə etsinlər.
Yeni suvarılacaq torpaqları su ilə və digər lazımi avadanlıqlarla təmin etmək üçün kompleks tədbirlərin vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirmişdir ki, bu işlər indidən başlanmalıdır. Düzdür, müvafiq göstərişlər verilmişdir. Amma hesab edirəm ki, yaxın aylarda mənə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daha konkret təkliflər verilməlidir. Yeni suvarılacaq torpaqların hüdudları meliorasiya şirkəti ilə bərabər müəyyən edilməlidir ki, biz artıq bütün yeni torpaqların becərilməsinə hazır olaq və beləliklə, vaxt itirməyək.