MƏDƏNİYYƏT
Tbilisidə Azərbaycanın Xalq Artisti Siyavuş Aslanın xatirəsi anılmışdır
Tbilisi, 30 iyul (AZƏRTAC). Tbilisi şəhərində Azərbaycanın Xalq Artisti Siyavuş Aslanın xatirə gecəsi keçirilmişdir.
Gecəni Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının əməkdaşı Hidayət Hüseynov açaraq Xalq Artisti Siyavuş Aslanın yaradıcılığı barədə ətraflı məlumat vermişdir. O demişdir ki, xatirəsini əziz tutduğumuz Siyavuş Aslan Azərbaycan teatr tarixində öz dəst-xətti olan korifey sənətkarlardandır. Belə şəxsiyyətlər isə həmişəyaşardırlar.
Siyavuş Aslan ilə birlikdə “Yol əhvalatı” filmində baş rollarda çəkilmiş gürcü aktyoru Vaxtanq Pançulidze AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı demişdir ki, bu tədbir mənə 30 il əvvəlki unudulmaz anları xatırlatmışdır.
V. Pançulidze Siyavuş Aslanın böyük aktyor olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərə malik şəxsiyyət olduğunu vurğulamış, onun barəsində keçmiş zamanda danışıldığından təəssüfləndiyini bildirmişdir. Aktyor bildirmişdir ki, “Yol əhvalatı” filmində çəkilişə dəvət aldıqda çox həyəcanlandım, eşidən də ki, filmdə məşhur aktyor Siyavuş Aslan da çəkilir, düzü, az qala etiraz edəcəkdim. Lakin Siyavuş Aslan ilə tanışlığımızın ilk anlarındanca bu fikirdən yayındım. O mənə ruh verdi, hər şeyi yerli-yataqlı izah etdi, yaş fərqimiz olmasına baxmayaraq dostlaşdıq.
Gürcü aktyoru Siyavuş Aslanın dünya kinematoqrafiyasının böyük ustası olduğunu və onu ömrü boyu unutmayacağını qeyd etmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Şövqi Mehdizadə Siyavuş Aslanın xatirə gecəsinin ARDNŞ-in Gürcüstanda həyata keçirdiyi mədəni layihələrdən olduğunu, gələcəkdə də belə tədbirlərin keçiriləcəyini qeyd etmişdir. Bildirilmişdir ki, bu cür tədbirlər Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir.
Sonda “Yol əhvalatı” filmi nümayiş etdirilmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi