İQTİSADİYYAT
Təbii qazdan qeyri-qanuni istifadə halları aşkarlanmışdır
Bakı, 18 iyul (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi (İB) təbii qazın dəqiq uçotunun aparılması və “mavi yanacaq”dan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə riayət olunmasına nəzarət məqsədi ilə mütəmadi reydlər keçirilir.
AZƏRTAC xəbər verir ki, növbəti reyd bu günlərdə Bakının Binəqədi rayonu ərazisində olmuşdur.
Reyd zamanı rayonun təkcə bir yaşayış massivində təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı 50-dən artıq fakt aşkar edilmişdir. “Vulkan qəsəbəsi” adlanan yaşayış sahəsindəki “Tac” kafesində heç bir texniki sənəd olmadan, qeyri-qanuni qaz xəttinə qoşulma faktı aşkar edilmiş, xətt mənbədən ayrılmış, obyekt rəhbərliyinin təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə məsuliyyət məsələsi qaldırılmışdır. Bundan əlavə, 51 nəfər fiziki şəxs, o cümlədən Arif Babayev, Akif Salmanov, Sabir Bəhmanov, İslam Yürüyev, Zəmanət Ağayev və başqaları tərəfindən təbii qazdan qeydiyyatsız istifadə halları aşkar edilmişdir.
Bununla əlaqədar ev sahiblərinin iştirakı ilə faktlar aktlaşdırılmış və həmin evlərin qaz təchizatı dayandırılmışdır. Reyd zamanı əhali tərəfindən təhlükəsizlik qaydalarının pozulması halları da müəyyənləşdirilmişdir. Bu zaman rezin şlanq birləşmələrinə yol verilməsi, nasaz və qeyri-standart qaz cihazlarından istifadə halları, qaz kəmərlərinin həyətlərdən və mənzillərdən tranzit keçməsi, soba və su qızdırıcılarının, o cümlədən qaz plitələrinin yerləşdirildiyi otaqların normativ tələblərə cavab verməməsi, təbii qazla işləyən su qızdırıcılarının, tüstü bacalarının düzgün qurulmaması kimi nöqsanlar aşkar edilərək, ev sahiblərinin nəzərinə çatdırılmış, onlara müvafiq tövsiyələr verilmişdir.