REGİONLAR
Təchizat səviyyəsini öyrənmək məqsədilə regionlarda satınalan təşkilatlarla maarifləndirici görüşlərə başlanılıb
Bakı, 6 fevral, AZƏRTAC
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) təchizat səviyyəsini öyrənmək məqsədi ilə regionlarda satınalan təşkilatlarla maarifləndirici görüşlərə başlayıb. İlk belə görüş dövlət satınalan təşkilatların nümayəndələrinin iştirakı ilə Abşeron regional bölməsi üzrə (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları) Sumqayıt şəhərində keçirilib. Regional müşavirədə Sumqayıt şəhər və Abşeron rayon icra hakimiyyətlərinin nümayəndələri, uşaq bağçaları və xəstəxanaların nümayəndələri iştirak ediblər.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, Səhmdar Cəmiyyətin İdarə heyətinin sədr müavini Xaliq Məmmədov müşavirədə çıxış edərək, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunda həyata keçirilən islahatlardan, bu istiqamətdə qazanılan nailiyyətlərdən danışıb. Bildirilib ki, dövlətimizin başçısının Sərəncamı ilə Cəmiyyətin yaradılması aqrar sektorda tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsulların tədarük olunmasına, eləcədə satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsinə səbəb olacaq. Cəmiyyət tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün regional görüşlər, sorğular və monitorinqlər keçirir.
Regional görüşdə satınalan təşkilatların ərzaq məhsullarına tələbatı elektron portalından (tedaruk.az) istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları izah olunub. Tövsiyə edilib ki, hər bir satınalan təşkilat portalda öz tələbatını düzgün yerləşdirməli, eləcə də dövlət vəsaitlərindən düzgün istifadə edilməsi məqsədi ilə verilən tələbatlar real ehtiyaclara uyğun olmalıdır.
Müşavirədə uşaq bağça müdirlərinin, xəstəxana nümayəndələrinin sualları cavablandırılıb, portalla işləmək bacarıqları ətraflı şərh edilib.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Lalə Hacıyeva çıxış edərək ASC-nin yaradılmasını yüksək qiymətləndirib, şəhər ərazisində olan satınalan təşkilatların ərzaq məhsulları ilə təchizat səviyyəsinin yüksəldiyini vurğulayıb.
Regional müşavirənin sonunda satınalan təşkilat nümayəndələri tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün təkliflərini səsləndiriblər.
Diqqətə çatdırılıb ki, regionlarda satınalan təşkilatlarla maarifləndirici regional müşavirələr davam etdiriləcək.
Qeyd edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Sərəncamı ilə yaradılıb. ASC-nin qarşısına kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək kimi vəzifələr qoyulub.
Səhmdar Cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq, paytaxtla yanaşı, 12 regionda bölmələr, 46 rayonda dayaq məntəqələri yaradılıb, regional bölmələr inzibati bina və lazımi avadanlıqlarla təchiz edilib. Mərkəzi Bakıda olmaqla, 12 rayonda xüsusi təyinatlı, dünya standartlarına cavab verən soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə verilib, bu anbarlarda ölkədə istehsal olunan bütün növ ərzaq məhsullarının standartlara uyğun uzunmüddətli, keyfiyyətli saxlanma şəraiti təmin olunub.
Ötən dövrdə dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla (körpələr evi-uşaq bağçaları, xəstəxanalar və s.) 825 müqavilə bağlanılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq tələbatının təmin edilməsi üçün 1835 təchizat nöqtəsi yaradılıb.
Cəmiyyət bu il yanvarın 1-dən satınalan təşkilatların (təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələri, digər dövlət obyektləri və s.) təchizatının həyata keçirilməsinə başlayıb.