İQTİSADİYYAT
Təhlükəsiz uçuş qaydalarına riayət etmək ən vacib məsələdir
Bakı, 11 iyun (AZƏRTAC). Hər zaman təyyarə ilə yola düşəndə uçuş heyətinin “Təhlükəsizlik kəmərlərini bağlayın!” təlimatını eşidirik. Amma bir çox sərnişinlər bu mühüm təlimata riayət etməyi vacib saymır.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirmişdir ki, 2014-cü il iyunun 11-də “Boeing-757” təyyarəsi ilə Bakıdan Naxçıvana 2253 saylı reyslə uçan gəmi heyəti məhz belə bir vəziyyətlə qarşılaşıb.
Belə ki, təyyarə enişə başlayarkən təhlükəsizlik kəmərlərinin bağlanması barədə təkrar təlimat verilmişdir. Hava gəmisində 180 sərnişin olmuşdur. Təyyarə enməyə davam edərkən qəfildən 2-3 saniyəlik güclü hava burulğanına düşmüşdür. Bu zaman təhlükəsizlik kəmərlərini bağlamayan 8 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Az sonra təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına standart eniş etmişdir. Bu, bir daha sübut edir ki, uçuş heyətinin təhlükəsizliklə bağlı tələblərinə mütləq ciddi şəkildə riayət etmək hər bir sərnişinin ən ümdə borcudur.