ELM VƏ TƏHSİL
Təhsil işçilərinin əmək haqlarının artırılması dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir
Bakı, 10 sentyabr (AZƏRTAC). Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən təhsil işçilərinin əmək haqlarının artırılması dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında jurnalistlərə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov söyləmişdir. Bildirmişdir ki, Təhsil Nazirliyi tərəfindən yeni tədris ilinə bir sıra hazırlıq işləri görülmüşdür. Yay tətili müddətində Bakının 164 məktəbinin binasında cari təmir işləri aparılmışdır ki, bu da paytaxt məktəblərinin 50 faizini təşkil edir.
Hər il olduğu kimi, bu il də ənənəvi olaraq 4 milyondan artıq yeni dərslik çap olunmuşdur. Hazırda dərs vəsaitlərinin respublikanın təhsil müəssisələrinə paylanılması həyata keçirilir.