ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYA İCLASI YENİ QİYMƏTLƏNDİRMƏ SİSTEMİNƏ HƏSR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, fevralın 9-da Təhsil Nazirliyində “Yeni qiymətləndirmə sistemi: nailiyyətlər, problemlər və qarşıda duran vəzifələr” mövzusunda geniş kollegiya iclası keçirilmişdir.
Təhsil idarələri rəhbərlərinin, məktəb direktorlarının, Milli Məclis deputatlarının iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov bildirmişdir ki, 2004-cü ildən etibarən ölkəmizin ümumi orta təhsil sistemində aparılan islahatlar çərçivəsində yeni qiymətləndirmə siyasətinin həyata keçirilməsinə başlanmışdır. Bununla əlaqədar nazirlikdə müvafiq şöbə yaranmış və Təhsilin Milli Qiymətləndirmə Konsepsiyası hazırlanmışdır. Bu konsepsiyada üç əsas istiqamət - məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə sistemlərinin hazırlanması üzrə prinsiplər əksini tapmışdır.
Nazir slaydlar vasitəsilə yeni qiymətləndirmə sistemi və bu sistemin modeli barədə ətraflı məlumatlar vermiş, məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmənin əsas mahiyyətini açıqlamışdır.
Ötən il noyabrın 25-də orta məktəblərin XI siniflərində keçirilmiş sınaq imtahanlarının nəticələrindən bəhs edən M.Mərdanov diqqətə çatdırmışdır ki, bu imtahanlar nazirliyin tabeliyində və ali təhsil müəssisələrinin nəzdində olan məktəbləri və peşə liseylərini (bütövlükdə 893 məktəb) əhatə etmişdir. İmtahanlarda 48 min 682 şagird iştirak etmişdir (93,4 faiz). Bakının Səbail rayonunun 134, Xətai rayonunun 287 nömrəli, Sumqayıtın bir neçə orta məktəbi bu imtahanlarda yüksək nəticələr əldə etmişlər.
Bu il fevralın 24-də Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri, İmişli, Abşeron və digər rayonların orta ümumtəhsil müəssisələrinin, məcburi köçkün məktəbləri və peşə liseylərinin şagirdləri üçün növbəti sınaq test imtahanlarının keçiriləcəyini qeyd edən nazir, həmin imtahanlara lazımi hazırlıq işlərinin aparıldığını bildirmişdir.
Kollegiya iclasında Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyası sədrinin müavini Bəxtiyar Əliyev, məktəb direktorları çıxış edərək yeni qiymətləndirmə sistemi ilə bağlı fikir və mülahizələrini söyləmişlər.
Sonra təhsilin səviyyəsinin yüksəldilməsi ilə bağlı geniş müzakirələr aparılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.