ELM VƏ TƏHSİL
Təhsil Problemləri İnstitutunda müəllim hazırlığı kurikulumu ilə bağlı seminar keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda “Müəllim hazırlığı kurikulumu: problemlər və perspektivlər” mövzusunda növbəti pedaqoji innovasiyalar seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, bu qurumun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov təhsilin hər bir dövlətin siyasi-iqtisadi, strateji əhəmiyyətli fəaliyyət sahəsi olduğunu vurğulayıb. Bildirilib ki, məhz təhsil hər bir dövlətin sosial və mədəni inkişafını müəyyənləşdirir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət yetirilir.
Q.Novruzov yeni demokratik modellərin axtarışı, təhsil sisteminin yeniləşməsində, dünya təcrübəsinə inteqrasiyası prosesində institutun son illər ərzində gördüyü işlər barədə məlumat verib.
Seminarı institutun müəllim hazırlığı kurikulumu şöbəsinin müdiri, professor Müdafiə Mahmudov aparıb. O, ölkəmizdə həyata keçirilən təhsil islahatlarının ən önəmli istiqamətlərindən olan müəllim hazırlığı kurikulumunun keyfiyyəti, pedaqoji kadrların hazırlığına verilən vacib tələblər barədə danışıb.
M.Mahmudov xüsusi hazırlanmış slaydlar vasitəsilə iştirakçılara müəllimlərin əsas vəzifələri və funksiyalarını, tədris prosesi zamanı nə etməli olduqlarını izah edib. Sonda professor mövzu ilə bağlı sualları cavablandırıb.