ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşı olduğu layihə qrant müsabiqəsinin qalibi olub
Bakı, 4 mart, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşı olduğu “Avropada keyfiyyət təminatı agentliklərinə dəstək” adlı layihə “Erasmus+” proqramı çərçivəsində elan edilən qrant müsabiqəsinin qalibi olub.
Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib.
Koordinatoru Ali Təhsildə Keyfiyyət Təminatı Avropa Şəbəkəsi olan layihənin əsas məqsədi Avropa ali təhsil məkanında yeni yaranan keyfiyyət təminatı agentliklərinə dəstək verməkdir. Eyni zamanda, iş prinsiplərinin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlara və təlimatlara uyğunluğunu təmin etməkdir.
Üç il davam edəcək layihədə 4 ölkənin - Azərbaycan, Bosniya və Herseqovina, Serbiya, Ukraynanın keyfiyyət təminatı agentliklərinin iştirakı nəzərdə tutulub.