ELM VƏ TƏHSİL
“TƏHSİLDƏ KEYFİYYƏT VƏ NAİLİYYƏT PROQRAMI (TEA)” TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) Azərbaycan üzrə nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə respublikamızda 2009-cu il üçün “Təhsildə keyfiyyət və nailiyyət proqramı (TEA)”nı təqdim etmişdir.
ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun bu proqramı Avrasiya, Cənubi Asiya ölkələri və digər ayrı-ayrı respublikalardan, o cümlədən Azərbaycan, Gürcüstan, Hindistan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Özbəkistandan olan 105 orta məktəb müəlliminə tədris etdikləri fənlər üzrə təcrübələrini zənginləşdirmək, bacarıqlarını təkmilləşdirmək və Amerika barədə biliklərini genişləndirmək imkanları yaradır. İştirakçılar ABŞ universitetlərində altı həftəlik ixtisasartırma proqramında iştirak etmək üçün 2009-cu ildə bu ölkəyə səfər edəcəklər.
Bu proqram tam maliyyələşdirilir. Proqramda iştirak etmək üçün noyabrın 10-dək ərizə vermək mümkündür.
TEA proqramı üçün ərizə formalarını İREX-in yerli ofisləri və Avrasiyadakı nümayəndəlikləri ilə əlaqə saxlamaqla əldə etmək olar. Ərizə formalarını, həmçinin, www.irex.org saytından yükləmək mümkündür.