ELM VƏ TƏHSİL
TƏHSİLƏ QAYĞI-DÖVLƏTİMİZİN İŞIQLI GƏLƏCƏYİNƏ QAYĞIDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, dekabrın 30-da şirkətin prezidenti Rövnəq Abdullayev şirkətin təqaüd proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin, “Çağ Öyrətim” İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə liseylərinin Dövlət Neft Şirkətinin malyyə dəstəyilə beynəlxalq fənn olimpiadalarında medallar qazanmış şagirdlərinin və liseyin müəllimlərinin bir qrupu ilə görüşmüşdür.
R.Abdullayev 2007-ci ilin Azərbaycan dövləti və ARDNŞ üçün uğurlu olduğunu bildirərək ölkədəki sosial-iqtisadi yüksəliş, qlobal enerji layihələri üzrə işlərin uğurlu gedişi, neft-qaz sənayesi infrastrukturunun inkişafı, habelə şirkətin həyata keçirdiyi “Qaz proqramı” çərçivəsində qazanılmış uğurlar barədə iştirakçılara məlumat vermişdir. O, Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və Heydər Əliyev Fondunun təşəbbüsü ilə icra olunan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin həyata keçirilməsində ARDNŞ-in yaxından iştirak etdiyini bildirmiş, azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının əhəmiyyəti üzərində xüsusi dayanmışdır. Azərbaycanın son zamanlar qoşulduğu qlobal layihələrin həyata keçirilməsində yeni kadrlara ehtiyac yarandığını, yüksək təhsilli gənclərin dövlətimizin gücü olduğunu qeyd edən R. Abdullayev, ARDNŞ tərəfindən 30-dan artıq tələbənin dünyanın bir sıra tanınmış universitetlərində təhsil almağa göndərildiyini vurğulamışdır. Həmin tələbələrdən 2 nəfərinin artıq təhsillərini başa vuraraq ARDNŞ-də çalışmağa başladığını məmnuniyyətlə nəzərə çarpdıran şirkət rəhbəri görüşdə iştirak edən tələbələrə və beynəlxalq fənn olimpiadasında medallara layiq görülmüş şagirdlərə Yeni il hədiyyələri təqdim etmişdir.
“Çağ Öyrətim” İşlətmələri Şirkəti rəhbərliyini təmsil edən Ənvər Özərən çıxış edərək ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əiyevin Azərbaycan-Türkiyə liseylərinə və bütövlükdə təhsilimizə göstərdiyi diqqət və qayğıdan bəhs edərək liseylər sisteminin azərbaycanlı şagirdlərin 1994-cü ildən indiyə qədər müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq fənn olimpiadalarında 234, o cümlədən 51 qızıl medal qazandıqlarını bildirmişdir. Ənvər Özərən şagirdlərin bu olimpiadalarda iştirakına yüksək səviyyədə şərait yaratdığına görə ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Şirkətin “Təqaüd proqramı” çərçivəsində Fransa, Almaniya və Şotlandiyanın nüfuzlu universitetlərində təhsil alan Emil Alxaslı, Ülvi Fətullayev, Ağaməmməd Sultanov və başqaları çıxış edərək ARDNŞ-in “Təqaüd proqramı”nın təşkilinə və dünyanın aparıcı universitetlərində təhsil almaları üçün imkan yaratdıqlarına görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə təşəkkürlərini bildirdilər.
İştirakçılar görüşün sonunda xatirə şəkli çəkdirmişlər.