ELM VƏ TƏHSİL
“TEKNOFEST Azərbaycan” alimlər üçün geniş innovativ imkanlar yaradır
Bakı, 3 mart, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının sədri akademik Rasim Əliquliyev bölmənin Ümumi yığıncağının onlayn iclasında mayın 26-dan 29-dək Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” aviasiya, kosmos və texnologiya festivalında FRTEB-in elmi müəssisələrinin iştirakı haqqında çıxış edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik texnologiya sahəsində ən son nailiyyətlərin təqdim olunacağı “TEKNOFEST Azərbaycan” festivalının ölkəmizdə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu tədbirin ölkəmizdə keçirilməsinə verdiyi böyük dəstək, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da nəzərdə tutulan iştirakı bu festivalın böyük tarixi əhəmiyyətə malik olmasının göstəricisidir.
FRTEB-in elmi müəssisələrinin bu mötəbər tədbirdə iştirakının zəruriliyi məsələsinə toxunan akademik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “TEKNOFEST Azərbaycan” festivalında AMEA üçün xüsusi pavilyonun ayrıldığını diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti festival çərçivəsində bölmənin institut və təşkilatlarının gənc startaplara dəstək göstərməsi, orta məktəb şagirdlərinin AMEA-nın müvafiq laboratoriyaları ilə tanışlığının təşkil edilməsi, alimlərin texnologiyalara dair çıxışlar, təqdimatlar etməsinin əhəmiyyətindən danışıb.
Akademik AMEA Yüksək Texnologiyalar Parkının ən son texnoloji məhsullarının həmin festivalda nümayişinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Sonda Rasim Əliquliyev əlavə edib ki, “TEKNOFEST Azərbaycan” aviasiya, kosmos və texnologiya festivalında AMEA-nın elmi potensialı yüksək səviyyədə təmsil olunmalı, xüsusilə FRTEB-in elmi müəssisələri və alimləri yaxından iştirak etməlidirlər.