SİYASƏT
Tələbə gənclər Slovakiyada keçiriləcək beynəlxalq folklor festivalına hazırlaşırlar
Bakı, 19 iyun (AZƏRTAC). Bir aydan artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) musiqi sənəti və rejissor sənəti fakültələrinin tələbələri arasından seçilən 6 gənc beynəlxalq folklor festivalında iştirak etmək üçün gərgin məşqlər edir.
ADMİU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Slovakiya Respublikasının prezidenti İvan Qasparoviçin himayəsi altında Filosof Konstantin adına Nitra Universitetinin və bu ölkənin Təhsil, Elm və İdman Nazirliyinin təşkilatçılığı ilə bu il iyulun əvvəllərində keçiriləcək “Akademika Nitra-2012” Beynəlxalq folklor festivalına məhz bu universitetdən yaradıcı qrupun dəvət edilməsi 90 illik yubileyi ərəfəsində təhsil ocağının müəllim və tələbə heyətinin hədsiz sevincinə səbəb olmuşdur.
Festivalın məqsədi milli ənənələrə müsbət münasibət yaratmaq yolunda folklorla maraqlanan gənclər üçün imkanlar yaratmaqdır.
Ümumilikdə 700-dən çox iştirakçısı olacaq festivalın gedişi boyu keçiriləcək konfransların sosial səviyyəsinin artırılması üçün xalq incəsənəti və sənətkarlıq, orijinal xalq geyim sərgiləri, Nitra ərazisinin tarixi yerlərinə ekskursiyalar və gənclərlə müxtəlif görüşlər təşkil ediləcəkdir.
Festival ərəfəsində hər gün xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, tanınmış baletmeystr, pedaqoji elmlər namizədi Lüdmila Həsənova və rejissor sənəti fakültəsinin müəllimi, dosent Hafis Quliyevin rəhbərliyi altında məşqlərdə iştirak edən gənclər əsas məqsədə doğru inamla irəliləyirlər. Mötəbər beynəlxalq tədbirdə nümayiş olunacaq folklor nümunəsini səhnədə ifa edəcək tələbələr arasında aşıq, iki rəqqas və milli trio olacaqdır. Onların birlikdə ifa edəcəkləri folklor parçasında xalqımızın milli adətləri, geyimləri, ifaçılıq mədəniyyəti öz əksini tapacaqdır.