ELM VƏ TƏHSİL
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ SƏDRİ FRANSADA İAEA İCRAİYYƏ KOMİTƏSİNİN İCLASINDA İŞTİRAK EDİR
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə fevralın 12-də Fransada öz işinə başlayan İAEA (Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın) İcraiyyə Komitəsinin iclasında iştirak edir.
TQDK-dan bildirmişlər ki, iclasda İAEA-nın fəaliyyəti ilə bağlı məsələlər, İcraiyyə Komitəsi üzvlərinin hesabatı, 2008-ci ilin sentyabrında Böyük Britaniyanın Kembric Universitetində keçiriləcək növbəti 34-cü beynəlxalq konfransa hazırlıqla bağlı görülən işlər müzakirə ediləcəkdir.
Tədbirdə, həmçinin dünya təhsilində qiymətləndirmə ilə bağlı proseslərin, qayda və standartların, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaqdır.
Səfər çərçivəsində TQDK-nın sədri M.Abbaszadənin Fransa Təhsil Nazirliyinin nəzdindəki Sənaye Elm və Texnologiya Mərkəzinin başçısı Jak Perren və digər vəzifəli şəxslərlə görüşləri də gözlənilir.
İclas fevralın 19-da başa çatacaqdır.
Xatırladaq ki, 2007-ci ildə TQDK-nın sədri M.Abbaszadə İAEA İcraiyyə Komitəsinin həqiqi üzvü seçilmişdir.