ELM VƏ TƏHSİL
Tələbələr Ağsu arxeoloji ekspedisiyasına qoşulublar
Bakı, 11 iyun, AZƏRTAC
Ağsu rayonunun Bəyimli kəndi ərazisindəki Torpaqqala abidəsində arxeoloji qazıntılar davam edir.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Universitetinin tarix və coğrafiya fakültəsinin üç tələbəsi iyunun əvvəllərindən təcrübə keçmək məqsədilə ekspedisiyaya qoşulub.
Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev tələbələrə arxeologiya elminin ümumi inkişaf tarixi, Azərbaycan arxeologiyası, ərazidə son illər aparılan arxeoloji tədqiqatlar, Bəyimli kəndində Mehranilər sülaləsinin ilk qalası hesab olunan Mehrəvan qalasının bu ərazidə lokalizə olunması haqqında geniş məlumat verib.
“Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli III-VIII əsrləri əhatə edən Mehrəvan qala-şəhərində aparılan arxeoloji tədqiqatların özünəməxsusluğu, mədəni təbəqə və kvadratlar barəsində danışıb.
Qazıntı sahəsinin müəyyən kvadratlarında iri binanın divarlarını, təsərrüfat küplərini təmizləyən tələbələr sənədləşdirmə və materialların sahədən götürülməsi yollarını da öyrənirlər.
Universitetdə öyrəndikləri nəzəri bilikləri qazıntı sahəsində təcrübi fəaliyyətlə möhkəmləndirən tələbələr iyunun sonunadək Mehrəvan qala-şəhərində ekspedisiyanın işində iştirak edəcəklər.