ELM VƏ TƏHSİL
Tələbələrə “SABAH” qruplarına qəbul barədə məlumat verilib
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) Təhsil Nazirliyinin “SABAH” qruplarına qəbul ilə əlaqədar tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, birinci kurs tələbələrinin iştirakı ilə keçirilən tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov “SABAH” qruplarının əhəmiyyətindən danışıb. Rektor bildirib ki, SABAH” qrupları müəyyən ixtisas üzrə peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə yeni imkanlar açır.
Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi icra komitəsinin rəhbəri Elçin Ağakişiyev layihə barədə ətraflı məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi seçilmiş tələbələrin tədrisinin müasir tərz və metodika ilə keçirilməsidir.
Qeyd edilib ki, “SABAH” qrupunda təhsil alan tələbələrə dərs prosesi xüsusi proqram əsasında təşkil olunur. İngilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir. Təhsil müddətində tələbələrin şirkət rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə görüşlərinin təşkili planlaşdırılır. Bu isə “SABAH” qrupunun tələbələrinin gələcək karyera və məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır.
“SABAH” qruplarının üstünlükləri tələbələrdə böyük maraq oyadıb. Bu qruplarda təhsil alan tələbələr xüsusi təqaüd, ödənişsiz yataqxana və üç dəfə yeməklə təmin olunurlar.
Sonda E.Ağakişiyev tələbələrin suallarını cavablandırıb.