ELM VƏ TƏHSİL
TƏLƏBƏLƏRİN TƏCRÜBƏ MÜBADİLƏSİ GENİŞLƏNİR
Bakı, 17 iyun (AZƏRTAC). Azərbaycan Tələbələr Birliyi (ATB) dünyanın ən böyük tələbə mübadiləsi təşkilatı olan İAESTE-yə üzv olduqdan sonra başladığı təcrübə mübadiləsi proqramını davam etdirməkdədir.
ATB-dən bildirmişlər ki, 2010-cu ildə Çin, Türkiyə və Almaniya ilə tələbə mübadiləsi aparılacaqdır. ATB tərəfindən aparılan seçimlərdə fərqlənən tələbələr ixtisaslarına uyğun olaraq Çində menecment, Türkiyədə mühasibatlıq, Almaniyada informasiya texnologiyaları üzrə təcrübə keçmək imkanı qazanmışlar.
Bununla yanaşı, mübadilənin davamı olaraq həmin ölkələrdən olan tələbələr Azərbaycanda təşkil olunacaq təcrübə proqramında iştirak etmək üçün iyulda ölkəmizə gələcəklər.
Qeyd edək ki, ATB 2010-cu ilin yanvar ayından İAESTE təşkilatının üzvüdür. Bunun sayəsində azərbaycanlı tələbələr 30-dan çox ixtisas üzrə 85 ölkədə təcrübə keçmək imkanı qazanmışlar.