ELM VƏ TƏHSİL
Təmayüllər üzrə tədris aparan təhsil müəssisələrinin siyahısına 50 məktəbin adı əlavə edilib
Bakı, 11 iyun, AZƏRTAC
Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən X-XI siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı təhsil müəssisələrinin siyahısına Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindəki 50 məktəbin adı əlavə edilib və dörd təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə tədris planları təsdiqlənib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.
Təmayül sinifləri, qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək.
Müvafiq əmrdə həmçinin, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulub.
Tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərindəki beş məktəbdə bir neçə il əvvəl tətbiq olunmağa başlayıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-dək azaldılmaqla xüsusi tədris planları təsdiqlənib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha üç müəssisə pilot məktəblər siyahısına daxil edilib.
Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.
Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.
Xatırladaq ki, təmayülləşmə dünyanın bir çox ölkələrində tətbiq edilir. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nailiyyət əldə edən Sinqapur, Koreya Respublikası, Niderland, Polşa, Estoniya və bir sıra başqa ölkələrdə təmayülləşmə şagird nailiyyətlərinə müsbət təsir edən başlıca amillər sırasındadır. Məsələn, Sinqapurda şagirdlərin müxtəlif təmayüllərə bölünməsi VI sinifdən sonra aparılır və şagirdlərə müxtəlif istiqamətlərdə tədris proqramlarını seçmək imkanı verilir. Niderlandda təmayülləşmə ötən əsrin 70-ci illərindən
başlayaraq intensiv tətbiq edilir. Böyük Britaniyada təmayülləşmə nəticəsində təhsilalanlara yuxarı siniflərdə az sayda fənn tədris olunur.