MƏDƏNİYYƏT
“Təmiz Şəhər” ASC ekoloji fotomüsabiqə elan edir
Bakı, 9 avqust (AZƏRTAC). İctimaiyyətin diqqətini Bakı şəhərinin təmizliyinin qorunmasına cəlb etmək və əhalinin ekoloji mədəniyyətini inkişaf etdirmək məqsədilə “Təmiz Şəhər” ASC “Mobiloqrafiya” fotoyarışması keçirir.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, foto sənətinin bir növü olan mobiloqrafiya müsabiqəsində peşəkar fotoçəkiliş üçün nəzərdə tutulmayan rəqəmsal kameralı avadanlığı (mobil telefon, noutbuk, planşet kompyuter və s.) olan hər kəs iştirak edə bilər. Paytaxtın təmizliyinin qorunması, şəhəri çirkləndirənlərin ifşa olunması, sakinlərin dürüst davranışı və ictimaiyyətin rolunu əks etdirən şəkillər müsabiqədə iştirak hüququ qazanacaqlar. Şəhərin təmiz saxlanılması və ya çirklənməsində rolu olan şəxs və onun fəaliyyətini və ya fəaliyyətsizliyini əks etdirən şəkillər müsabiqənin əsas mövzusudur.
Dörd ay davam edəcək yarışmada iştirak etmək istəyən hər kəs “Mobiloqrafiya”nın rəsmi veb-saytına www.mq.foto.az daxil olaraq bu müsabiqəyə qatıla bilər. Müsabiqənin nəticələri səsvermə əsasında müəyyən ediləcəkdir.
“Mobiloqrafiya” müsabiqəsinin yekununda təşkil olunacaq sərgidə səsvermə, münsiflər heyətinin rəyi və digər nominasiyalar üzrə qalib gəlmiş gənc fotoqraflar sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.