İQTİSADİYYAT
“Tərtər” EŞ Müəssisəsində texniki yeniliklər həyata keçirilmişdir
Bakı, 26 mart (AZƏRTAC). “Tərtər” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində bu ilin ilk aylarında bir sıra texniki yeniliklər həyata keçirilmişdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, cəbhəyanı bölgə olan Tərtərdə elektrik enerji təsərrüfatının istismar səviyyəsinin yaxşılaşdırılması məqsədilə bütün yarımstansiya və transformator məntəqələrində zəruri təmir işləri davam etdirilir. İstehlakçıların sayğac-uçot komplektləri müntəzəm yoxlanılır, aşkar edilən qüsur və nöqsanlar operativ surətdə aradan qaldırılır.
“Tərtər”, “İsmayılbəyli”, “Sarıcalı” və “Dəmirlər” yarımstansiyalarındakı 35 kilovoltluq yağ açarları təmir olunmuş və yeni yağ açarları quraşdırılmışdır. Yarımstansiyalardakı müxtəlif gücə malik transformatorların əksəriyyəti daha güclü transformatorlarla əvəz edilmişdir. Rayonu enerji ilə təchiz edən 110 kilovoltluq (kV) “Naftalan-Tərtər” və “Bərdə-Tərtər” hava xətləri təmir edilmişdir. Eyni zamanda şəbəkənin balansında olan 35 kV-lik “Sarıcalı”, “Dəmirlər” və “İsmayılbəyli” hava xətlərində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.