REGİONLAR
Tərtərdə keçirilən “Kreativ sənaye və yerli imkanlar” adlı sərgi-satış yarmarkası maraqla qarşılanıb VİDEO
Tərtər, 25 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında “Kreativ sənaye və yerli imkanlar” adlı sərgi-satış yarmarkası təşkil edilib. Tədbir xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə sevinci yaşadan şanlı ordumuza həsr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgi-satış yarmarkasında birinci və ikinci Qarabağ müharibəsi qaziləri, mədəniyyət sahəsində çalışan yaradıcı və istedadlı şəxslər tərəfindən hazırlanmış sənətkarlıq, təsviri sənət nümunələri, həmçinin musiqi ənənələri nümayiş olunub.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, iştirakçıları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, sərgi-satış yarmarkası regionda yaradıcı sənayenin inkişafına yönələn bir addımdır. Belə yarmarkanın təşkil olunması yaradıcı vətəndaşların ailə gəlirlərinin artırılması, maddi rifahlarının yaxşılaşdırılması baxımından da əhəmiyyət kəsb edir. Yaradıcı insanların əl işlərindən ibarət sərgilərin keçirilməsi Bərdə Regional Mədəniyyət İdarəsində ənənə halını alıb. Regional İdarənin əhatə etdiyi digər rayon və şəhərlərdə də sözügedən sərgi-yarmarkaların keçirilməsi nəzərdə tutulur.
Yarmarkaya gələnlər toxuma və bədii tikmə, bədii oyma kimi dekorativ-tətbiqi sənət nümunələri, eləcə də "Nizami Gəncəvi - 880" adlı kitab sərgisi ilə tanış olmaqla yanaşı, onların alış və satışını da həyata keçiriblər. Yarmarkada nümayiş olunan toxuma və bədii tikmə, ağac üzərində oyma işləri, suvenirlər, təqdim olunan musiqi nömrələri rayon sakinlərinin və qonaqların marağına səbəb olub.
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə AZƏRTAC-a müsahibəsində bildirib ki, yaradıcı və mədəniyyət sənayeləri dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. Bu sənaye Azərbaycanda da inkişaf etməyə başlayıb. 2019-cu il dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (“creative.az”) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi olub. Bu mövzuya uyğun olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan şəhər və rayonlarda kreativ sənayenin inkişafı ilə bağlı davamlı olaraq müxtəlif tədbirlər keçirilir. Bu gün Tərtərdə sərgi-satış yarmarkasının keçirilməsində məqsəd də istedadlı insanları mədəniyyət sahəsinə cəlb etmək, yeni məşğulluq növü müəyyənləşdirmək, iqtisadiyyatı mədəniyyətə gətirməkdir. 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq bugünkü sərgi-satış yarmarkası Şanlı Azərbaycan Ordusuna həsr edilib.
Birinci Qarabağ müharibəsi qazisi Zaur Hətəmov sərgi-satış yarmarkada ağac üzərində bədii oyma nümunələri təqdim edirdi. O, sərgi-satış yarmarkasının əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Birinci Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak etmişəm. Ordudan tərxis olunandan sonra ağac üzərində oyma sənətini öyrənməyə başladım. Azərbaycan Rəssamlıq Universitetinin Sənətşünaslıq fakültəsində təhsil almışam. Bugünkü sərgidə təqdim etdiyim sənət nümunələri əsasən Şanlı Azərbaycan Ordusuna, xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəyə həsr olunub. Əl işlərim iştirakçıların böyük marağına səbəb oldu. Sərgi-satış yarmarkasının təşkilatçılarına minnətdarlığımı bildirirəm".