DÜNYA
Teylor Svift "İlin videosu" nominasiyasında MTV-nin əsas mükafatını qazanıb
Bakı, 31 avqust, AZƏRTAC
Amerikalı müğənni Teylor Svift ən yaxşı musiqi kliplərinə görə "İlin videosu" nominasiyasında MTV Video Music Awards mükafatının laureatı olub.
AZƏRTAC BBC televiziya kanalına istinadla xəbər verir ki, müğənni mükafata sonuncu - "1989" albomundakı amerikalı rep müğənnisi Kendrik Lamarla birgə yazdırdığı Bad Blood mahnısına çəkilən klipinə görə layiq bilinib.
Teylor Svift, həmçinin Blank Space adlı digər videoklipinə görə "Ən yaxşı qadın videosu" və "Ən yaxşı pop videosu" mükafatlarını da qazanıb.
Amerikalı reper Kanye Uest MTV mərasimində Maykl Cekson adına xüsusi "Nəsil tanınması" mükafata layiq görülüb və 2020-ci ildə prezident seçkilərində iştirak edəcəyini bildirib.
MTV video mükafatı populyar musiqi kompozisiyalarınin video versiyalarına görə, aralarında "Ən yaxşı qrup", "Ən yaxşı debüt", "Ən yaxşı ifaçı", "Ən yaxşı rejissor" və "İlin ən yaxşı videosu" da olmaqla, 15 nominasiya üzrə təqdim edilir.