MƏDƏNİYYƏT
TMB telekanalının yeni icraçı direktoru Azərbaycan Mətbuat Şurasında olmuşdur
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da Azərbaycan Mətbuat Şurasında (MŞ) Türkiyənin TMB (Turkish Music Box) telekanalının yeni təyin olunmuş icraçı direktoru, Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat müşaviri Bülənt Uğurla görüş keçirilmişdir.
Mətbuat Şurasından AZƏRTAC-a bildirmişlər ki, qurumun sədri Əflatun Amaşov B.Uğurun ölkəmizdəki beşillik fəaliyyəti dövründə diplomatik missiyanın respublikamızın media orqanları ilə əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli rolundan danışmış, onun yeni məsul vəzifədəki fəaliyyətində də Azərbaycan amilinin xüsusi nəzərə alınacağına əminliyini vurğulamışdır.
Azərbaycan ilə əməkdaşlığın rəhbərlik etdiyi telekanal üçün vacibliyini qeyd edən B.Uğur cari il dekabrın 4-dən TMB-də Xalq Artisti Brilyant Dadaşovanın aparıcılığı ilə “Brilyant ilə pırlantalı gecələr” adlı verilişin yayımlanacağını, bu musiqili-əyləncəli verilişin qonağı qismində ölkəmizin sənət adamlarının da iştirak edəcəyini bildirmişdir.
Yeni struktur islahatlarına başlamış TMB-nin Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetiriləcəyi, mövcud istiqamətdə layihələr reallaşdırılacağı vurğulanmışdır.
B.Uğur TMB-nin gələcək planlarında türk xalqları arasında müxtəlif müsabiqələrin, o cümlədən Türkvision musiqi yarışmasının təşkilinin də yer aldığını diqqətə çatdırmışdır.