MƏDƏNİYYƏT
Tofiq Tağızadənin 100 illiyinə həsr olunmuş növbəti tədbir - “Sənətə bağlı ömür”
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq artisti, kinorejissor, ssenarist Tofiq Tağızadənin 100 illiyinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, qurumun direktor müavini Xalidə Musayeva çıxış edərək deyib ki, tədbir Prezident İlham Əliyevin sənətkarla bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq təşkil edilib.
Qeyd edilib ki, Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəstxəti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib və mədəniyyət tariximizdə dərin iz qoyub. Onun yaradıcılığı həmişə xalqın taleyi ilə sıx surətdə bağlı olub. Onun filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri hiss olunur. O, “Dədə Qorqud” dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı yüksək səviyyədədir.
Bakı Dövlət Universitetinin tələbəsi Leyla Zərbəliyeva müasir Azərbaycan kino sənəti, problemləri haqqında çıxış edib.
Şöbə müdiri Qənirə Mustafayeva çıxışında qeyd etdi ki, Tofiq Tağızadə bir rejissor kimi zamanın problemlərini ekrana gətirməklə insanları bu problemlər ətrafında düşünməyə sövq edib. Onun çəkdiyi “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Flaminqo - qızıl qazdır”, “Dədə Qorqud”, “Narlıq”, “Babamın babasının babası”, “Bağ mövsümü” və digər filmləri sənət biblioqrafiyasında xüsusi yer tutur.
Baş kitabxanaçı İradə Kərimova deyib ki, sənətkar yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərinin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri yaradıb. Tədbir çərçivəsində Tofiq Tağızadənin filmlərindən fraqmentlər nümayiş olunub.
Sonra qonaqlar “Filmlərdə yaşayan ömür” adlı kitab sərgisinə baxıblar.