DÜNYA
Tokio qubernatorunun seçkilərində Naoki İnose inamlı qələbə qazanmışdır
Tokio, 17 dekabr (AZƏRTAC). Tokio qubernatorunun sabiq müavini Naoki İnose dekabrın 16-da keçirilmiş Yaponiya paytaxtının qubernatoru seçkilərində inamlı qələbə qazanmışdır.
Onun namizədliyini 4 milyon 300 mindən artıq seçici dəstəkləmişdir.
Altmış altı yaşlı yazıçı N.İnose 2007-ci ildə Tokio qubernatorunun müavini təyin edilmişdir. O, əsasən Tokio metropoliteni sisteminin operatorları olan iki şirkətin birləşməsi və “Tokyo electric power Co.” elektrik şirkətinin idarə edilməsində islahatların aparılması istiqamətində fəaliyyət göstərmişdir.
N.İnose öz namizədliyini Tokionun keçmiş qubernatoru Sintaro İsihara parlamentin aşağı palatasına deputat seçilmək üçün oktyabrda istefa verdikdən və onu öz yerinə varis elan etdikdən sonra irəli sürmüşdü.
Seçkiqabağı kampaniya zamanı N.İnose bildirmişdir ki, o, S.İsiharanın siyasətini davam etdirəcək, Tokionun 2020-ci il Yay Olimpiya Oyunlarını ev sahibliyini qazanmasına çalışacaq və paytaxtın güclü zəlzələlərə qarşı hazır olması istiqamətində tədbirləri həyata keçirəcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio