DÜNYA
Tokioda “Art Akvarium-2013” sərgisi keçirilir
Tokio, 24 avqust (AZƏRTAC). Yaponiya paytaxtının mərkəzi küçələrdən birində yerləşən “Coredo building”in beşinci mərtəbəsində “Art Akvarium-2013” sərgisi keçirilir.
İyulun 13-də açılmış və sentyabrın 23-dək davam edəcək sərgidə tanınmış yapon akvarium rəssamı Hidetomo Kimuranın müəllifi olduğu 70 akvarium nümayiş olunur.
On dörd qurğu üzərində qurulmuş akvariumlarda ziyarətçilərə beş minədək balıq təqdim edilir.
Hidetomo Kimura akvarium incəsənətinin əsasını qoyanlardan biri və bu sahənin mübahisəsiz lideri hesab olunur. Bu il üçüncü dəfə tamaşaçılara təqdim olunan sərgiyə ötən il 200 min ziyarətçi tamaşa etmişdir.
“Sualtı” bədii sərgidə rəssam dərindən düşünülmüş işıq effektlərindən, ənənəvi yapon peyzajından və böyük zövqlə seçilmiş musiqi tərtibatından bacarıqla istifadə etmişdir. Bu elementlərin hər biri ayrı-ayrılıqda bədii möcüzə hesab edilsə də, H.Kimura buraya müxtəlif formalı və ölçülü akvariumlarda təqdim etdiyi qızıl balığın rəngarəng növlərini əlavə etməklə möhtəşəm kompozisiya yaratmağa nail ola bilmişdir. Sərginin kamilliyi üçün buraya maraqlı videogörüntülər də əlavə edilmişdir.
Sərgidə di-cey vasitəsilə işlənmiş “Gecə akvariumu”, səkkiz metr uzunluğunda yapon bağı fonunda quraşdırılmış “Dörd fəsil”, kaleydoskopun köməyi ilə yaradılmış “Kaleidorium” akvariumları tamaşaçıların diqqətini daha çox cəlb edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio