ELM VƏ TƏHSİL
Tovuz rayonunun Bayramlı kəndində məzun günü təntənə ilə qeyd olunmuşdur
Tovuz, 31 may (AZƏRTAC). Mayın 31-də Tovuz rayonundakı Bayramlı tam orta məktəbində də son zəng çalınmışdır.
AZƏRTAC xəbər verir ki, son zəng mərasimində çıxış edən məktəbin direktoru Ramiz Məmmədov ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açmışdır. Qeyd edilmişdir ki, bu il məktəbdə 12 şagird təhsilini başa vuraraq müstəqil həyata qədəm qoyur. Ötən tədris ilində məktəbi bitirən 11 məzundan 7-si tələbə adını qazanmışdır. Direktor məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onlara məktəbin və müəllimlərinin adını hər zaman uca tutmağı tövsiyə etmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Fərman Qurbanov, kənd bələdiyyəsinin sədri Orucəddin Məmmədov, kənd sakinlərindən Bəxtiyar Abdullayev, Ənvər Ələkbərov və başqaları qeyd etmişlər ki, ölkənin hər yerində olduğu kimi, Tovuz rayonunda da təhsilin səviyyəsi durmadan artır. Məktəblərin infrastrukturu yeniləşir, yeni məktəb binaları inşa olunur. Tovuz rayonunda son illər 18 yeni məktəb binası tikilmişdir. Bayramlı kənd orta məktəbi üçün inşa olunan 220 şagird yerlik məktəb binasında son tamamlama işləri görülür. Məktəbin şagirdləri yeni dərs ilini yeni məktəbdə qarşılayacaqlar.
Məzunların davamçıları olan 1-cilər onların bayramını şeir, mahnı, rəqslə təbrik etmişlər.
Məktəblilərin hazırladığı bayram konserti tədbir iştirakçılarına xoş təsir bağışlamışdır.